Ukraynanı ümidləndirən nədir? - AÇIQLAMA

 16:16 14.04.2025     210

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həll olunacağına inandığını bildirib.

Sözügedən münaqişənin diplomatik yolla həlli mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskini hal-hazırda ümidləndirən Avropanın Ukraynaya bu məsələdə dəstək olmasıdır:

"Almaniyanın yeni seçilən federal kansleri də bu məsələdə Ukraynaya dəstəyini nümayiş etdirdi. Həmçinin Fransa Prezidenti Emmanuel Makron da Fransanın öz dəstəyini ifadə edir. Ukraynanı ümidləndirən bu məsələlərdir. Münaqişənin diplomatik yollarla həlli bir qədər gərgin məsələdir. Çünki Rusiyanın Sun şəhərinə hücumu zamanı ABŞ-nin verdiyi açıqlama kifayət qədər adekvat deyildi. ABŞ sadəcə təəssüfləndiyini bildirdi, hətta Rusiyanı qınamaqdan belə çəkindi".

zeynal serh

Politoloqun sözlərinə görə, hazırda ABŞ-nin əsas niyyəti Ukraynanın mineral ehtiyatlarını Rusiya ilə birlikdə istismar etməkdir.

"Bu, Ukraynanın suverenliyinə ciddi təhdiddir. Trampın əsas missiyası Rusiya-ABŞ münasibətlərini normallaşdırmaqdır. Tramp administrasiyası Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılması üçün Ukraynanı güzəştə getməyə hazırdır. Məsələ indi diplomatik yolla həll olunsa belə, Ukraynanın ziyanına olacağını deyə bilərik", - deyə Z.Əmrəliyev vurğuladı.

Aytəkin TOFİQQIZI