Azərbaycan səfiri Vaşinqton merinə buna görə təşəkkür etdi

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Vaşinqton şəhərinin meri Myuriel Bauzerə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ilə bağlı 28 May tarixini Birləşmiş Ştatların paytaxtında Azərbaycanın Müstəqillik Günü elan etməsi və bununla bağlı Bəyannamə imzalaması münasibətilə təşəkkür edib.
Redaktor.az xəbər verir ki, Azərbaycan səfiri bununla bağlı “X”dəki hesabında paylaşım edib.
O, Myuriel Bauzerə 28 may 2025-ci ilin ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikasının Müstəqillik Günü elan edilməsinə görə minnətdarlığını bildirib. “Bu şərəf və tanınmaya görə sizə ürəkdən təşəkkür edirəm!”, - səfir qeyd edib.
Bəyannamədə 107 ildir ki, dünyada milyonlarla azərbaycanlının Mayın 28-i Azərbaycanın Müstəqillik Günü kimi qeyd etməsi vurğulanır. Qeyd olunur ki, 2025-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasının 34-cü ili tamam olur, ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ilini qeyd edirlər. Azərbaycan qadınların kişilərlə bərabər hüquqlar, o cümlədən səsvermə hüququ verən ilk müsəlman ölkəsidir. “Azərbaycan Səfirliyinin mövcudluğu və Azərbaycan icmasının bütün vətəndaşlar üçün azadlıq, bərabərlik və ədalət prinsiplərinə sadiqliyi bizi hədsiz dərəcədə zənginləşdirir”, - Vaşinqton meri vurğulayıb.
“Vaşinqton şəhərinin meri kimi 28 may 2025-ci il tarixini Vaşinqtonda “Azərbaycanın Müstəqillik Günü” elan edirəm”, - Myuriel Bauzer sonda vurğulayıb.
Xatırladaq ki, bu, Vaşinqton meri tərəfindən Azərbaycanla bağlı atılan ilk xoşməramlı addım deyil. Myuriel Bauzer ötən il də 28 May tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı Bəyannamə imzalayıb. O, habelə digər tədbirlərə dəstək verməsi ilə də fərqlənib.
