"Rusiya üçün daha təhlükəli mərhələ hələ qarşıdadır" - Politoloq

 13:46 24.07.2025     207

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü raund danışıqlar İstanbulda yekunlaşıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəylinin fikrincə, üçüncü İstanbul görüşü bir daha göstərdi ki, Rusiya və Ukrayna arasında sülh danışıqlarının pozitiv nəticələr verməsi ehtimalı demək olar ki, mövcud deyil:

"Qərbdə də artıq belə bir qənaət formalaşıb ki, Rusiya sülh danışıqlarına hazır deyil. Rusiya ilə aparılan danışıqlarda hər hansı anlaşma ehtimalı real görünmür. Bu səbəbdən həm ABŞ, həm də Avropa Birliyi ölkələri əmindirlər ki, Rusiya ilə siyasi-diplomatik müzakirələrin müsbət nəticələr verməsi və ya daha dəqiq desək, bu prosesin sülh anlaşması və yaxud atəşkəs sazişi ilə nəticələnməsi üçün bütün imkanlar tükənib. Bu səbəbdən də Qərbdə Rusiya ilə danışıqların davam etdirilməsi artıq zaman itkisi kimi qiymətləndirilir. Hesab olunur ki, bu zaman itkisinə yol vermək əvəzinə, Rusiyanı sülhə məcbur edə biləcək praktiki addımların atılması daha məqsədəuyğundur. Bu addımlar sırasında Ukraynaya ən müasir silahların verilməsi, hərbi dəstəyin daha da artırılması, paralel olaraq isə Rusiyaya qarşı sanksiya təzyiqlərinin gücləndirilməsi əsas prioritet kimi göstərilir".

Politoloq vurğuladı ki, əgər bu tədbirlər həyata keçirilərsə, Rusiya məğlubiyyət təhlükəsi qarşısında sülh masasına oturaraq real vəziyyəti düzgün dəyərləndirmək məcburiyyətində qala bilər və nəticədə sülh sazişinə və ya atəşkəsə razılıq verə bilər:

"Hal-hazırda ABŞ və NATO ölkələri Ukraynaya silah-sursat və hərbi texnika təchizatını həm bərpa ediblər, həm də artırıblar. Bu isə Rusiyada ciddi narahatlıq doğurur. Çünki rus iqtisadi ekspertlərinin hesablamalarına əsasən, Rusiya iqtisadiyyatı artıq Ukrayna savaşının xərclərini daşımaq gücünü itirmək üzrədir. Eyni zamanda Rusiyanın hərbi resursları da tükənmək üzrədir. Rusiya hazırda İran və Şimali Koreyadan açıq şəkildə, Çin kimi ölkələrdən isə qeyri-rəsmi formada hərbi dəstək, silah-sursat və texnika alır. Üstəlik, Şimali Koreyadan hərbi kontingent idxal edərək onları da Ukrayna müharibəsinə cəlb edir. Bütün bunlar Rusiyanın ağır durumda olduğunu göstərir. Lakin Rusiya hələ də sülh danışıqlarından yayınmağa çalışır. Halbuki mövcud vəziyyətdə sülh sazişi Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Sadəcə Kreml hesab edir ki, sülh danışıqlarında müzakirə olunacaq və imzalanacaq sənəd yalnız Rusiyanın maraqları çərçivəsində, yəni Kremlin müəyyən etdiyi şərtlər və tələblər əsasında hazırlanmalıdır. Bu isə o deməkdir ki, Rusiya Ukraynanın Kremlin diktə etdiyi bir kapitulyasiya aktını imzalamasını istəyir və bununla da müharibənin sona çatmasını hədəfləyir. Ancaq aydın görünür ki, bu hal üçün Qərbin heç bir iradəsi yoxdur, yəni Rusiyaya belə bir şans verilməyəcək".

E.Xalidbəyli əlavə etdi ki, müharibənin hələ bir müddət davam edəcəyi gözlənilir və savaşın gələcək taleyi çox güman ki, ABŞ prezidenti Donald Trampın Putinə verdiyi 50 günlük möhlət başa çatdıqdan sonra müəyyənləşəcək:

"Əgər Rusiya həmin müddət ərzində sülh sazişini imzalamağa razılıq verməzsə, o zaman gözlənilir ki, ABŞ Rusiyaya qarşı daha sərt mövqedən çıxış edəcək. Bu da Ukraynaya daha dağıdıcı silahların verilməsi və Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi ilə müşayiət olunacaq. Bu baxımdan demək olar ki, Rusiya üçün daha təhlükəli mərhələ hələ qarşıdadır və bu mərhələdən çıxış yolları olduqca məhdud görünür".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən