"Trampın İranı məhv etməklə hədələməsi vəziyyəti daha da kritik həddə gətirə bilər"

ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib. O xəbərdarlıq edib ki, Tehran öz nüvə proqramını bərpa edəcəyi təqdirdə Vaşinqton onu yenidən "məhv edəcək".
Trampa cavab olaraq isə İran İslam Respublikasının XİN rəhbəri Abbas Əraqçi bildirib ki, "İran ABŞ və İsrailin son təcavüzü zamanı həm bizə, həm də rəqiblərimizə qarşı nə baş verdiyini, o cümlədən zərbələrin miqyasını hələ də gizlədildiyini dəqiq bilir".
"Təcavüz təkrarlansa, biz daha qətiyyətli və gizlətmək mümkün olmayan şəkildə cavab verməkdən çəkinməyəcəyik",- deyə A.Əraqçi vurğulayıb.
Bəs ABŞ və İran arasında gərginliyin artması fonunda, Cənubi Qafqazda, o cümlədən Azərbaycan üçün mümkün təhlükəsizlik riskləri və diplomatik tədbirlər nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Polad Mehdiyev bildirdi ki, ABŞ Prezidentinin İranı məhv etməklə açıq şəkildə hədələməsi və yenidən müharibənin baş verməsi Yaxın Şərqdə gərgin olan vəziyyəti daha da kritik həddə gətirə bilər:
"Bu bəyanat, regional müharibə ehtimalını artırmaqla yanaşı, Cənubi Qafqazda, xüsusilə də Azərbaycan üçün bir sıra təhlükəsizlik və diplomatik risklər yaradır. Əvvəla, ABŞ-İran qarşıdurması genişmiqyaslı hərbi münaqişəyə çevrilərsə, bu, təkcə Körfəzi deyil, bütün Yaxın Şərq və Cənubi Qafqaz bölgəsini təsirləndirə bilər. Azərbaycan İranla uzunmüddətli quru sərhədinə malikdir və bu sərhəd boyu sabitliyin pozulması qaçqın axını, sərhəd insidentləri və ekstremizm təhlükəsini artırar. Digər tərəfdən, İranın Qafqazda mövcudluğunu qorumaq üçün qeyri-rəsmi aktorları – o cümlədən radikal dini qrupları hərəkətə keçirməsi ehtimalı var. Bu, Azərbaycanın daxili sabitliyinə təhdid yarada bilər. Eyni zamanda, İran bölgədə Azərbaycanla bərabər enerji siyasətində rəqibdir. ABŞ-İran qarşıdurması zamanı İran tərəfindən Xəzər regionundakı neft-qaz infrastrukturuna qarşı sabotaj riski arta bilər".
Müsahibimizin sözlərinə görə, İranla olan 765 km-lik sərhədin hər hansı destabilizasiyası Azərbaycanın cənub bölgələrində humanitar və təhlükəsizlik böhranlarına yol aça bilər.
"Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələrin dayanıqlılığı Azərbaycanın iqtisadi təhlükəsizliyinin əsas sütunudur. ABŞ-İran qarşıdurması zamanı bu marşrutlar dolayı risk altına düşə bilər. Azərbaycan həm ABŞ, həm də İranla münasibətləri balanslı saxlayır. Hərbi-siyasi qarşıdurma bu balansın pozulması təzyiqini artıracaq. Göründüyü kimi, ABŞ-İran qarşıdurmasının kəskinləşməsi Azərbaycanın milli təhlükəsizlik və xarici siyasət strategiyası üçün risklidir", - deyə P.Mehdiyev vurğuladı.
Nuriyyə NATİQQIZI