“Eyni münasibəti İrandan gözləyirik” - Millət vəkili

 20:20 10.03.2026     318

Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.  Yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan qonşu dövlətlərlə həmişə mehriban qonşuluq siyasəti yeridib, onların daxili işlərinə qarışmayıb və öz ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə heç bir zaman razılıq verməyib:

"İranla da münasibətimiz bu səpkidə qurulub və həmçinin İranın Qərb dünyası ilə münaqişəsinin biz həmişə diplomatik yolla, danışıqlar yolu ilə həll edilməsini vacib saymışıq və bu gün də Azərbaycan bu mövqedə durur. Bu baxımdan, İranda hərbi münaqişənin tezliklə dayanmasını arzu edirik və bu məsələyə Azərbaycan həmişə vasitəçi olmağa, töhfə verməyə hazır olduğunu bildirib. Bizim İrana münasibətimiz — cənab prezidentimizin əvvəlki ali rəhbərin vəfatı münasibətilə İran prezidentinə başsağlığı verməsi, İranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı kitabına imza atması, yeni rəhbəri təbrik etməsi — bunun özü Azərbaycanın İranla münasibətlərinin nə qədər xoş məramlar üzərində qurulduğunu göstərir".

Millət vəkili vurğuladı ki, biz eyni münasibəti İrandan gözləyirik:

"İran rəhbərliyinin vaxtaşırı Azərbaycanla xoş, mehriban qonşuluq siyasətini qiymətləndirməsini də gözləyirik. Bu gün İran hərbi münaqişədədir və aydın məsələdir ki, eyni zamanda humanitar problemlər yaşanır. Bunların içərisində əhalinin ərzaqla təminatı məsələsi var. Humanist, qardaşlıq, dostluq prinsipləri nəzərə alınaraq Azərbaycan bu gün 30 tona qədər humanitar yardımın İrana göndərilməsi qərarına gəlib.

Həmçinin onu da nəzərə almaq lazımdır ki, yardım alanların içərisində bizim soydaşlarımız, azərbaycanlılar da olacaq və biz müharibənin tezliklə bitməsinə, İranda sülhün, sabitliyin yaranmasında maraqlıyıq və bunu təkcə siyasi bəyanatlarımızda deyil, eyni zamanda konkret fəaliyyətimizdə də göstəririk. Cənab prezident bu məsələni həmişə diqqətdə saxlayır və İranla münasibətlərin həmişə dostluq, qardaşlıq səpkisində olması üçün konkret tapşırıqlar verir və bunlar da göz qarşısındadır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən