"Rusiya tərəfindən bu mövzunun yenidən qaldırılması anlaşılmazdır" - Vüqar Bayramov
"Təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən biz bir sıra hallarda həqiqətə uyğun olmayan açıqlamaları eşidirik. Əslində, indi Qarabağ konflikti yoxdur. Praktiki olaraq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, yenə də Azərbaycanın tərkib hissəsidir. Bu baxımdan Rusiya Xarici İşlər Nazirliyi tərəfindən bu mövzunun yenidən qaldırılması anlaşılmazdır. Çünki məsələ etibarilə söhbət artıq olmayan konfliktdən gedir və artıq tərəflər – Azərbaycan və Ermənistan – sülh danışıqları aparırlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Vüqar Bayramov Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərin reallığın təhrif olunması olduğunu qeyd etməsindən danışarkən səsləndirdi.
Millət vəkili qeyd etdi ki, iki ölkə arasında hətta ticarət əlaqələri bərpa olunub:
"Azərbaycanın sülh gündəliyinə uyğun olaraq Azərbaycan üzərindən Ermənistana daşınan bütün yüklərlə bağlı məhdudiyyətlər aradan qaldırılıb.
Azərbaycan Prezidentinin Şuşada keçirilən 4-cü Şuşa Qlobal Media Forumunda da qeyd etdiyi kimi, Azərbaycan təbii ki, regionda sülhü və əməkdaşlığı dəstəkləyir. Bu, regionun inkişafı baxımından vacib məqamlardan biridir. O baxımdan, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın mövqeyi tam və ətraflı şəkildə təqdim olunub. Düşünürəm ki, hər hansı bir ölkənin bu cür təhrif olunmuş bəyanatlarına baxmayaraq, Azərbaycan sülhü dəstəkləyir və dəstəkləyəcək. Perspektivdə də ölkələr arasında əməkdaşlığın formalaşması, təbii ki, Ermənistan Konstitusiyasına edilən dəyişikliklərdən sonra isə sülh müqaviləsinin bağlanması mümkün olacaq".
Aytəkin TOFİQQIZI













