"Bu üçlük dünyada nümunəvi üçlüklərdən biri olacaq" - Üzeyir Cəfərov

 16:36 07.08.2026     632

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Məkkə sazişi" adlandırılan üçtərəfli müdafiə sazişi imzalanıb. Bildirilib ki, "Məkkə sazişi"nə əsasən, alyans üzvlərindən birinə edilən hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək və tərəflər qarşılıqlı müdafiə prinsipi əsasında hərəkət edəcəklər.

Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, nə qədər qəribə səslənsə də, bu bizim üçün də çox önəmli sənəddir:

"Biz hər zaman bildirmişik ki, harada qardaş Türkiyə var, orada Azərbaycan var. Harada Azərbaycan var, orada Türkiyə var. Ona görə də təhlükəsizlik məqsədilə, yəni müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı olan bu sənəd, əlbəttə ki, bizi də, yəni bu birbaşa olmasa da, dolayısı ilə də olsa, Azərbaycanı da öz təsir imkanlarına salır.

Bu sənədin əsas məqsədi, əlbəttə ki, üç dövlətin ərazi təhlükəsizliyidir. Bildirildiyi kimi, əgər bu ölkələrin hər hansı birinə hücum və yaxud da təhlükə olacağı təqdirdə, onlar koordinasiyalı şəkildə iştirak edəcəklər. İndiyə qədər Türkiyə ilə Pakistan arasında belə əlaqələr mövcud idi. O cümlədən Türkiyə ilə Azərbaycan, Azərbaycanla Pakistan arasında".

Həmsöhbətimiz düşünür ki, sənəd üç dövlətlə məhdudlaşmayacaq:

"Yəni bir müddətdən sonra o müdafiə sazişinə, yəqin ki, bu və ya digər formada qatılacaq ölkələr də olacaq. Mən bunu belə təxmin edirəm və əlbəttə ki, burada tərəflərin bir-birini qarşılıqlı müdafiə prinsipi əsasında müdafiə etməsindən söhbət gedir.

Son vaxtlar Yaxın Şərqdə baş verən hadisələr Səudiyyə Ərəbistanını bu addımı atmağa məcbur etdi. Bu gün qardaş Türkiyə NATO-nun ikinci ən böyük gücüdür, Pakistan nüvə dövlətidir və Səudiyyə Ərəbistanının da bu "Məkkə sazişi" adlandırılan üçtərəfli müdafiə sazişinə qoşulması, əlbəttə ki, həm Səudiyyə Ərəbistanı üçün, həm Türkiyə, həm də Pakistan üçün əlavə imkanlardır.

Mən hesab edirəm ki, bu sənəd Yaxın Şərqdə bir qədər eskalasiyanın azalmasına da təsir göstərəcək. Mən ümid edirəm ki, bu sənədin hər üç ölkədən əlavə tərəfdaş və müttəfiq ölkələrə də çox böyük köməyi dəyəcək. Çünki bu gün dünyada xeyli proseslər var ki, o proseslər, əfsus olsun ki, bizim istədiyimiz şəkildə inkişaf etmir. Yəni gərginliklər, müəyyən narazılıqlar, bir-birinə qarşı iddialar var. O iddiaları və yaxud da məsələləri həll etmək üçün bəzən güc amilindən istifadə olunur.

Amma bu üçlük, mən hesab edirəm ki, dünyada nümunəvi üçlüklərdən biri olacaq. Nəzərə alaq ki, həm Türkiyənin, həm də Pakistanın imkanları, xüsusən hərbi sahədə çox böyükdür. Biri NATO üzvü, Pakistan da ordusunun imkanlarına görə kifayət qədər böyük gücə malik olan bir dövlətdir".

Hərbi ekspert vurğuladı ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan "Məkkə sazişi" tərəflərə təhlükəsizlik baxımından əlavə imkanlar yaradacaq, müdafiə ittifaqının daha güclü olması və bölgədə təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlığı daha da gücləndirmək imkanı verəcək.

"Mən də o fikirlə razıyam ki, hər üç ölkənin bir araya gəlməsi həm Yaxın Şərq, həm də İslam dünyasında yeni güc mərkəzinin formalaşması kimi qiymətləndirilir və bu da doğru, düzgün yanaşmadır.

Mən də bu yaxınlaşmanı, bu sənədin imzalanmasını alqışlayıram və ümid edirəm ki, bu sənəddən biz də müəyyən mərhələdə və yaxud da müəyyən zaman kəsiyində yararlana biləcəyik. Yəni bu sənədin bizə də xeyli müsbət təsiri və imkanları olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən