"Dünyada yeni güc mərkəzləri yaranır" - Ekspert "Məkkə sazişi"dən DANIŞDI
Xəbər verdiyimiz kimi, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Məkkə sazişi" adlandırılan üçtərəfli müdafiə sazişi imzalanıb.
Hərbi ekspert Emin Həsənli Redaktor.az-a açıqlamasında bildirdi ki, dünyada yeni güc mərkəzləri, Rusiya-Ukrayna, ABŞ-İran müharibəsi ilə yeni dünya reallıqları yaranır:
"Bu reallıqlardan biri də odur ki, artıq bir çox dövlətlər yeni əlaqələr qururlar. Artıq NATO-ya da inam qalmayıb. Ukrayna müharibəsində Avropa ölkələri Amerikadan yetərli dəstək ala bilmədilər. Tramp tərəfindən də dəstək verilmədi. Amerika-İran müharibəsində də Amerika yenə NATO-dan dəstək ala bilmədi. Amerikanın öncəliyində birinci Çin, sonra İran var. Avropanın öncəliyində isə Rusiya var. Ona görə də qardaş Türkiyə bir çox ölkələrlə belə ikili, üçlü sazişlər imzalayır.
Səudiyyə Ərəbistanı da fikirləşir ki, Amerika onların təhlükəsizliyini qoruya bilmədi. Amerika-İran müharibəsində İran Amerikanın Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki bazalarını vurdu. Bu ölkələr düşünür ki, yeni güc mərkəzi lazımdır və bu, müsəlman ölkəsi olan Türk dövlətinin başçılığında qurulsun.
Fikirləşirlər ki, yeni bir güc mərkəzi olsun və onların təhlükəsizliyini qoruya bilsin. Hesab edirəm ki, yaxınlarda buna oxşar digər sazişlərin də şahidi olacağıq".
Aytəkin TOFİQQIZI













