"Məkkə sazişi"nə hansı dövlətlər qoşula bilər? - Konfiliktoloq AÇIQLADI

 13:59 17.08.2026     404

Məlumat verdiyimiz kimi, bir müddət əvvəl Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Məkkə sazişi" adlandırılan üçtərəfli müdafiə sazişi imzalanıb. "Məkkə sazişi"nə əsasən, alyans üzvlərindən birinə edilən hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək və tərəflər qarşılıqlı müdafiə prinsipi əsasında hərəkət edəcəklər. Bu gün isə Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğdan sazişin əhəmiyyətindən danışıb və  digər ölkələrin də bu əməkdaşlıq formatına qoşulmasına açıq olduqlarını qeyd edib.

Redaktor.az-a danışan konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədovun fikrincə, əsas məqsəd sazişə regionun dövlətlərini cəlb edib regionda sabitliyi təmin etməkdir.

Onun sözlərinə görə, Türkiyənin də böyük marağı regionda sabitliyi təmin etməkdir:

"İlk növbədə, bəlkə münasibətləri nəzərə alaraq Qətər bu sazişə qoşula bilər. Kənardan müdaxilə edən dövlətlər icazə versələr ola bilər ki, Suriya da sazişə cəlb olunsun. Digər hansı dövlətlərin üzv ola biləcəklərini dəqiq demək bir az çətindir. Çünki siyasi regionda və beynəlxalq aləmdə siyasi proseslər elə cərəyan edir ki, dəqiq nəsə demək olmur. Amma Türkiyə maksimum dərəcədə çalışacaq ki, region ölkələrini sazişə daxil etsin. Kənar müdaxilələrdən qorunmaq istəyən, ağlı başında olan istənilən region dövlətləri mütləq qaydada bu razılaşmaya qoşulmalıdırlar ki, gələcəkdə bölgənin təhlükəsizliyini təmin etmək mümkün olsun və eyni zamanda da o kənar müdaxilələrin qarşısını alsınlar".

Müsahibimiz vurğuladı ki, bölgəni belə qarışıq bir vəziyyətə gətirənlər kənardan hadisələrə qarışan dövlətlərdir:

"Onun da qarşısını almaq üçün ən yaxşı yol təhlükəsizlik müqaviləsi imzalamaqdır. Kənar müdaxilələrin qarşısını almaq mümkün olsa, ölkələr bölgədə sülh şəraitində yaşaya biləcəklər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən