Polşada nə baş verir? - AÇIQLAMA
"Polşada baş verən hadisələr həqiqətən də ciddi siyasi və hüquqi böhrandır. Hazırda mənim ilkin qiymətləndirməm belədir ki, ölkədə hələ ki, klassik mənada dövlət çevrilişi baş verməyib. Lakin dövlət hakimiyyətinin iki siyasi düşərgə arasında institusional qarşıdurmaya çevrilməsi təhlükəli həddə çatma ehtimalını artırıb".
Bunu Redaktor.az-a açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi Polşadakı dövlət çevrilişindən danışarkən qeyd etdi.
Onun sözlərinə görə, burada əsas məsələ təkcə ayrı-ayrı hakimlərin vəzifədən uzaqlaşdırılması deyil:
"Söhbət ölkənin ən mühüm konstitusion institutlarından birinin kim tərəfindən idarə olunacağı və hansı hakimlərin qanuni hesab ediləcəyi məsələsindən gedir. Burada ən diqqətçəkən məqam odur ki, böhrana artıq prezident, baş nazir, məhkəmə hakimləri, polis və küçələrə çıxan etirazçılar birbaşa cəlb olunublar. Burada söhbət Dövlət Tribunalından yox, Konstitusiya Tribunalından gedir.
Konstitusiya Tribunalının bəzi yüksək vəzifəli rəsmilərinin tutduqları vəzifələrdən kənarlaşdırılması və bu qərarın qanuni olub-olmaması ilə bağlı mübahisələr etirazların əsas predmetinə çevrildi. Prezident Seneqala səfərini yarımçıq qoyaraq Polşaya geri döndü. Prezidentlə hakimlər arasında qarşıdurma yarandı. Bu, müxalifətin etiraz aksiyalarını genişləndirməsi üçün səbəb oldu və nəticədə etirazçılarla polis arasında insident və toqquşma baş verdi".

Politoloq vurğuladı ki, prezident baş verənləri konstitusion qurumun zorla ələ keçirilməsi kimi qiymətləndirib, Baş nazir isə məhkəmə sistemində qanunun aliliyini bərpa etmək üçün addımların zəruri olduğunu bildirib:
"Əslində, qarşıdurmanın kökləri daha əvvəlki illərə gedib çıxır. 2015-ci ildə Polşada hakimiyyətə gələn Hüquq və Ədalət Partiyası məhkəmə sistemində geniş dəyişikliklər həyata keçirmişdi. Sonradan məhkəmə sistemində çalışan hakimlər bu dəyişikliklərin məhkəmələrin siyasi müstəqilliyini məhdudlaşdırdığını iddia etdilər. Bununla bağlı Avropa İttifaqı tərəfindən də Polşanın hüquq sisteminə ciddi iradlar səsləndirilib".
Çingiz Şahbazi qeyd etdi ki, 2023-cü ildə Tusk hakimiyyətə gəldikdən sonra bu sistemi dəyişdirməyə başladı:
"2026-cı ildə isə bu istiqamətdə ölkədə yenidən mübahisələr yarandı və parlamentdə Konstitusiya Tribunalına yeni hakimlər seçildi. Lakin prezident onların bir qisminin andını qəbul etməkdən imtina etdi. Hakimlərin bir qismi parlamentdə notarius qarşısında and içdi. Prezident tərəfi isə bunun qeyri-qanuni prosedur olduğunu iddia edərək həmin andları qəbul etmədi. Beləliklə, Polşada eyni məhkəmənin daxilində iki fərqli legitimlik iddiası formalaşıb. Bu, əlbəttə ki, bir dövlət üçün ən təhlükəli məqamlardan biridir. Dövlətin müxtəlif qolları eyni hüquqi hadisəni tamamilə fərqli qiymətləndirirlər. Bu da ölkədə baş verən hadisələr fonunda böhranın miqyasını göstərən siqnal kimi qiymətləndirilə bilər.
On ildən çoxdur davam edən böhranın yeni və daha təhlükəli mərhələsinin başladığını desək, yanılmarıq. Xüsusilə də polis və etirazçıların tribunal ətrafında qarşı-qarşıya gəlməsi diqqət çəkir. Bu, ölkədəki siyasi böhranın açıq şəkildə qarşıdurmaya çevrilməsi deməkdir. Hadisələr onu göstərir ki, ölkədə qütbləşmə getdikcə dərinləşir. Bu səbəbdən də hesab etmək olar ki, ölkə hazırda təkcə siyasi qarşıdurma yaşamır, həm də dövlət institutlarının qarşılıqlı legitimliyinin sual altına düşdüyü böhranla üz-üzədir".
Müsahibimiz diqqətə çatdırdı ki, ölkədə baş verənlərin qarşısını almaq məqsədilə tərəflər kompromisə getməlidirlər:
"Hakimlərin səlahiyyətləri ilə bağlı ortaq razılıq əldə olunmalıdır. Amma Tusk güzəştə getməyəcəyini bildirib. Buna görə də kompromis asan görünmür. Bu səbəbdən müxalifətin etiraz aksiyalarını genişləndirməsi ehtimalı yüksəkdir. Bu isə dövlət institutları arasında qarşılıqlı etimadsızlıq mühitinin yaranmasına səbəb olacaq və ölkədə idarəetmənin səmərəliliyinin azalmasına gətirib çıxara bilər.
Nəzərə alsaq ki, Polşa Avropanın təhlükəsizlik arxitekturasında əsas ölkələrdən biridir, burada daxili sabitliyin pozulması təkcə Varşavanın deyil, Brüsselin, Vaşinqtonun və xüsusilə də Kiyevin maraqlarını təhlükə altına salır. Ona görə də Polşada baş verənləri təkcə prezidentlə baş nazir arasında şəxsi qarşıdurma kimi deyil, Avropanın hüquqi və siyasi sabitliyi baxımından da ciddi siqnal kimi qiymətləndirmək lazımdır".
Aytəkin TOFİQQIZI













