Şadlıq evlərində toylarla bağlı VACİB XƏBƏR - GERİ QAYTARILMALIDIR...

 11:53 13.07.2021     1452

Toy hər kəsin həyatında ən vacib günlərdən biridir. İl yarımdır toylara qoyulan qadağanın nəhayət ləğvi hər kəsin ürəyindən oldu. Aylardır öz toyunu gözləyən insanlar dərhal şadlıq evinə üz tutdu. Lakin vəziyyət heç də il yarım əvvəlki kimi deyil. Sahibkarlar mövcud vəziyyətdən sui-istifadə edir. Restoranlar arasında keçirdiyimiz sorğu (https://redaktor.az/news/social/138803-bakida-toydan-sonra-nagara) zamanı məlum oldu ki, toydan sonra qalan ərzaq və içkilər toy sahibinə qaytarılmır.

Bəs görəsən bunun səbəbi nədir və nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili, iqtisadçı Azər Badamov bildirib ki, əgər menyunun hesabı tam şəkildə toy sahibi tərəfindən ödənilirsə, artıq qalmış bütün ərzaq və içkilər toy sahibinə qaytarılmalıdır:

“Çünki həmin məhsulların dəyəri artıq ödənilib. Təəssüf ki, paytaxtda yerləşən əksər restoranlarda toy sahibinə heç nə qaytarmır. Bir çox hallarda bir toyda istifadə olunan ərzaqlar digər toylarda da təkar istifadə edilir. Bu, insanların vaxtı keçmiş məhsullardan zəhərlənməsinə gətirib çıxarır”.

Millət vəkili Vahid Əhmədov da toydan sonra ərzağın və içkinin toy sahibinə qaytarılmamasını düzgün hesab etmir:

“Çünki toy sahibi artıq menyunun pulunu ödəyib. Bu pulun müqabilində restoran ona yemək və digər xidmətləri təklif edir. Nəticədə bu ərzaq və içkilər toy sahibinindir, artıq qalanlar geri qaytarılmalıdır. Lakin restoranlar daha çox qazanc əldə etmək üçün bundan imtina edirlər.

Şəbnəm Mehdizadə

Azərbaycanda adları SİRR kimi gizli saxlanılan ŞƏXSLƏR - QƏRARI ONLAR VERİR...

 11:18 13.07.2021     2052

Medianın İnkişafı Agentliyinin saytlara maliyyə vəsaitinin ayrılması ilə bağlı elan etdiyi müsabiqənin nəticələri birmənalı qarşılanmadı. Siyahıda elə saytların adı var ki, tələb olunan kriteriyalara cavab vermədiyi deyilir. Bütün bunların fonunda hər kəsi düşündürən suallar var - Bu qalibləri hansı ekspertlər seçib? Agentlik ekspert siyahısını niyə ictimaiyyətə açıqlamır?

Əməkdar jurnalist, media eksperti Qulu Məhərrəmli Redaktor.az-a açıqlamaısnda bildirib ki, müsabiqənin keçirilməsində iştirak edən ekspertlərin ictimaiyyətə açıq olması arzuolunandır:

"Mediaın İnkişafı Agentliyi bunu məqbul hesab etmirsə və ekspertlərin adlarını açıqlamırsa, bu, onların hüququdur. Lakin mən hesab edirəm ki, ekspertlərin adları ictimaiyyətə açıqlanmalıdır. Çünki hər şey şəffaf şəkildə olmalıdır".

O qeyd edib ki, qalib olan saytlar arasında kriteriyalara uyğun olanlar da var, olmayanlar da:

“Amma bir şeyi nəzərə almalıyıq ki, dünyada heç bir şey mütləq şəkildə ədalətli deyil. Qalib saytların siyahısında elə adlar var ki, ilk dəfədir eşidirəm. Əsas məsələ odur ki, belə maliyyə vəsaitləri o saytları nə qədər vaxta kimi ayaqda saxlayacaq? Həmin saytlar cəmiyyət üçün nə dərcədə faydalı və keyfiyyətli informasiya hazırlayan media qurumu olacaq?”

Media eksperti, tanınmış jurnalist Zeynal Məmmədli qeyd edib ki, burada əsas məsələ ümumlikdə Azərbaycanda media sahəsində olan problemlərdir:

“Medianın inkişafı üçün nələrə diqqət verilməlidir? Hesab edirəm ki, ilk növbədə Azərbaycanın media-reklam bazarının durumu araşdırılmalıdır. Media qurumu kimdənsə yardım almalı deyil, özü-özünü maliyyələşdirilməlidir. Məncə problem daha dərindir. Əgər bu məsələlər çözülməsə, digər məsələlər də öz həllini tapmadan mübahisələrə səbəb olacaq”.

Şəbnəm Mehdizadə