FHN-dən bu qayda pozuntularına REAKSİYA - FOTO

 16:35 17.12.2021     5021

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli 149 ünvanında Fövqəladə Hallar Nazirliyinin (FHN) Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının yaxınlığında avtomobillərin qanunsuz park edilməsi ilə bağlı xəbər vermişdik. Apardığımız müşahidələrə əsasən məlum oldu ki, həmin ünvanda qayda pozuntusuna yol verən sürücülər FHN Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin zabitləridir.

Belə ki, həmin idarənin əməkdaşları hər gün səhər saatlarında şəxsi avtomobillərini qanunsuz şəkildə yol kənarında zibil qutuları yerləşdirilən ərazinin qarşısında saxlayaraq piyadaların hərəkətinə maneə yaradırdılar. Bu hala dair müşahidələrimizlə yanaşı foto və video materialları da təqdim etmişdik. Bununla yanaşı, digər məsələ xüsusilə axşam saatlarında inzibati binanın qarşısında nazirliyin tabeliyində olan avtoyuma məntəqəsindən şəxsi avtomobillərin yuyulmasıdır. Belə ki, yol kənarında yuyulan maşınların suyu ətrafa dagılır və ordan keçən insanlara narahatlıq törədir.

Fövqəladə Hallar Nazirliyinin Redaktor.az-ın sorğusuna cavabında qanunsuz park edilən avtomobillərin mülki vətəndaşlara aid olması iddia edilib. Həmçinin müşahidələr apardığımız halda, nazirlik xidməti və yanğınsöndürmə avtomobillərinin yuyulması üçün nəzərdə tutulan məntəqədə şəxsi maşınların yuyulması faktını da təkzib edib.

"İnzibati binanın yan hissəsində, zibil qutularının qarşısında Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) əməkdaşlarının şəxsi avtomobilləri park edilməmişdir. Mülki vətəndaşlar tərəfindən orada avtomobillər saxlanılmışdır. Tərəfimizdən bu barədə DYP-yə müraciət edilmiş və avtomobillərin orada park edilməsi qadağan edilmişdir. Hissənin yanğın avtomobillərinin yuyulması üçün nəzərdə tutulmuş yerdə xidməti avtomobilləri və yanğınsöndürmə avtomobillərindən başqa şəxsi avtomobillər yuyulmur. Rəhbərliyin gösərişinə əsasən şəxsi avtomobillərin yuyulması qadağan edilmişdir".

Qeyd edək ki, redaksiyamızın əməkdaşları sözügedən ünvandakı zibil qutularının qarşısında FHN zabiti mundirində şəxslərin dəfələrlə şəxsi avtomobillərinin saxladığının şahidi olub və onların foto və videolarını lentə alıb. Problemlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciətimizdən sonra əraziyə YPX əməkdaşları cəlb edilib və avtomobil sahiblərinə cərimə yazılıb. Lakin buna baxmayaraq növbəti günlərdə də bu ünvanda qayda pozuntuları davam edib. 

Qeyd edək ki, problemlə bağlı Redaktor.az FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva ilə əlaqə saxlayıb və nazirliyə sorğu təqdim edib.

Bundan sonra sözügedən yerdə avtomobillərin park edilməsinə son qoyulub. Həmçinin müşahidələrimizə əsasən, inzibati binanın qarşısında şəxsi avtomobillər də yuyulmur.

Nuranə TOFİQLİ

2222
Vumart və Güvən reklamı Vumart Güvən