Test cavabları 4-5 günə çıxır - Bəs özəl klinikalara pulsuz test götürməyə şərait yaradıla bilərmi?
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınır. Lakin bu hələ aysberqin görünən hissəsidir. Çünki əksər testlərin cavabı gecikir. Bəzi şəxslərdə hətta 4-5 gün sonra test nəticələri açıqlanır. Aydın məsələdir ki, yoluxma sayı artdıqca səhiyyə sistemi də yüklənir və nəticələr gecikir. Lakin bu məsələ digər sosial problemlərə də yol açmış olur.
Qeyd edək ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev saytımıza açıqlamasında bildirib ki, test cavablarının gecikməsi ilə bağlı məsələnin həlli üçün laboratoriyaların işi sürətlənməlidir.
“Analizlər daha qısa müddət ərzində həyata keçirilməlidir. Yeri gəlsə laboratoriyalar 24 saat fəaliyyətdə olmalıdır. Digər tərəfdən özəl sektor da bu işə cəlb olunmalı, onlara dövlət tərəfindən ödənişlər olunmalıdır", - deyə deputat bildirib.
Bəs, özəl klinikalara pulsuz test götürmək üçün şərait yaradıla bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan İstanbul Hospitalın direktoru, həkim-radioloq Aydın Əliyev hesab edir ki, hökumət özəl klinikalara bu şəraiti yaratmayacaq:
“Əvvəla yoluxma sayının artması bizi qorxutmamalıdır. Ötən həftə yoluxma 7 mindən çox idi. Lakin indi azalma tendensiyası qeydə alınır. Önümüzdəki həftələrdə yoluxanların sayı bir qədər də azalacaq. Ağırlaşma halları azdır və panikaya ehtiyac yoxdur. Digər tərəfdən sual yaranır, test cavabları niyə gecikir? Məsələn, buna görə 50 laboratoriya qurulmalıdırsa, 30 laboratoriya qurulub. Bunun əsas səbəbi də korrupsiya və yeyintilərlə bağlıdır. Əslində dövlət tərəfindən bu sahəyə yetəri qədər vəsait ayrılmışdı. Amma ortada pul mənimsəməsi olub. Ona görə də laboratoriyaların sayı azdır və tibbi avadanlıq çatışmazlığı var. Nəticədə iş prosesi yubanır. Bu işi görən şəxslərin əmək haqqı vaxtında verilmir. İş prosesi pozulub. Özəl klinikalara pulsuz test götürməklə bağlı məncə icazə verilməyəcək. Çünki bu heç kimə sərf etmir. Ümid edək ki, yoluxma sayı tədricən azalar. Müvafiq qurumlar tərəfindən hansısa müsbət addımların atılması gözlənilmir. Biz illərdir bunu görürük”.
Şəbnəm Mehdizadə












