"Evdən 5 uşaq məktəbə getməlidir, ancaq biri gedir" - 10 uşaq atası DANIŞDI

 17:32 12.02.2024     1520

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Salyanın Qaraçala kəndində bir ailənin 10-cu övladı dünyaya gəlib. 

Redaktor.az 10 uşaqlı ailə ilə əlaqə saxlayaraq, onların ailə vəziyyətini araşdırıb.

Ailənin başçısı Əflan Abdullayev deyir ki, övladlarını fəhləliklə böyüdür:

"Kimin evində nə iş olarsa, gedib fəhləlik edib ailəmi dolandırıram. İş də olmayanda, evdə otururam, məhlədə əkin-biçinlə məşğul oluram. İndi də evdəyəm, bağda işləyirəm, yaza hazırlaşırıq. Doqquzuncu övladım dünyaya gələnə kimi sosial yardım alırdıq, amma doqquzuncu övladımdan sonra, o müavinət dayandırıldı. Dayandırılma səbəbinə gəlincə, müxtəlif bəhanələr irəli sürülür. O sosial yardımı alanda dolanışığımız daha yaxşı idi, övladlarım üçün kiçik bir ev tikməyə başlamışdım, məktəbə göndərə bilirdim. İndi 5 uşaq məktəbə getməlidir, ancaq onlardan biri gedir. Əvvəllər ikisini yollaya bilirdim, sonra birinin ayaqqabısı cırıldı, kurtkası yoxdur. İmkanım da yoxdur ki, təzəsini alıb məktəbə yollaya bilim. Çalışıram ki, ona ayaqqabı ala bilim, məktəbə yollayım. Həm sosial yardım verilmir, həm də anaya müavinət verilmir. O sosial yardım dayanandan bizdə həyat dayanıb. Evimiz də yaşayış üçün çox pis vəziyyətdədir. İcra hakimiyyətinin köməkliyi ilə evlə bağlı cənab Prezidentə müraciət ünvanlamaq istiyirdim, amma alınmadı. Cənab Prezidentin Allah canını sağ etsin, uzun ömür versin, hər il sosial yardım üçün və sair üçün pul ayırır, amma onlar gəlib bizə çatmır. Mən bilirəm ki, yaşayış vəziyyətim, imkansızlığım ona gedib çatsa, mənə ev də tikiləcək, yardım da ayrılacaq".

Əflan bəy deyir ki, böyük övladının 13 yaşı var:

"Mənim 37, yoldaşımın isə 36 yaşı var. Övladırımın arasında yaş fərqi çox deyil. Uşaqlardan 6-sı qız, 4-ü isə oğlandır. Qızların adı, Əsmər, Ülkər, Zeynəb, Zəhra, Rüqəyya və Humaydır. Oğlanların adı isə, biri atamın adıdır - Əziz, digər ikisi Azərbaycan igid, mərd qəhrəmanlarının, şəhidlərimizin adıdır - Mübariz və Polad. Sonuncu övladım isə prezident seçkilərindən sonra anadan oldu. Ona da qalib liderimizin, Ali Baş komandanımızın adını - İlham adını vermişəm".

Humay İSGƏNDƏRLİ