Uşaqlarda təhlükə siqnallarını necə tanımaq olar? - Psixoloq AÇIQLADI
Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda 7 yaşlı uşaq bıçaqlanıb. Avşar kənd sakini, 2019-cu il təvəllüdlü Sübhan Bəşirov 12 yaşlı yeniyetmə tərəfindən 19 bıçaq zərbəsi ilə xəsarətlər yetirilib. Yeniyetmə tərəfindən belə hadisənin törədilməsi valideynlər arasında narahatlıq yaradır.
Ümumiyyətlə, valideynlər belə halları əvvəlcədən necə müəyyən edə bilərlər?
Bu hadisə əsasən nəyin nəticəsi ola bilər: psixoloji problem, yoxsa travma?
Psixoloq Nizami Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, valideynlər üçün ən vacib məqam uşağın davranışındakı və emosional vəziyyətindəki dəyişikliklərə diqqət yetirməkdir.
Müsahibimizin sözlərinə görə, uşaqlar başlarına gələnləri çox vaxt açıq şəkildə ifadə edə bilmirlər:
"Amma bədən dili və davranışları siqnal verir. Məsələn, qəfil qorxular, gecə qorxuları, altını islatma, səbəbsiz ağlamalar, aqressiya və ya həddindən artıq içinə qapanma, müəyyən insanlardan, məkanlardan qaçma kimi hallar ciddi xəbərdaredici əlamətlərdir. Eyni zamanda uşaqda “sirr saxla” tipli ifadələr, izah edə bilmədiyi yaralar və ya bədənində izlər də risk göstəricisi ola bilər".

N.Orucov vurğuladı ki, belə hadisələr adətən tək bir səbəbdən qaynaqlanmır:
"Çox zaman ortada emosional nəzarətsizlik, zorakı mühit, travmatik təcrübələr və ya psixoloji problemləri olan bir böyüyün müdaxiləsi olur. Xüsusilə də zorakılığın normallaşdığı ailə və ya sosial mühitlərdə uşaqlar daha həssas və müdafiəsiz qalırlar. Bu, uşağın öz problemi deyil, bu, uşağın qorunmamasının nəticəsidir. Burada əsas məsuliyyət valideynlə yanaşı, ətraf mühitin, məktəbin, yaxın qohumların və cəmiyyətin üzərinə düşür. Uşağa “sənə kimsə toxunsa, incitsə, qorxutsaydı mütləq de” mesajını erkən yaşlardan təhlükəsiz və qorxutmadan ötürmək çox vacibdir. Uşaq bilməlidir ki, danışsa cəzalanmayacaq, əksinə qorunacaq. Bu tip hadisələr bizə bir daha göstərir ki, uşaqlar təkcə fiziki deyil, emosional və psixoloji baxımdan da daim müşahidə və qorunmaya ehtiyac duyurlar. Erkən fərq edilən siqnallar bir çox faciənin qarşısını ala bilər".
Aytəkin TOFİQQIZI













