Yaşayış evlərinin sığortası məcburi olacaq? - AÇIQLAMA
Deputat Razi Nurullayev bu gün Milli Məclisin iclasında əmlak sığortası məsələsinə toxunub.
Millət vəkili yanğın nəticəsində zərər görmüş evlərə tez-tez rast gəlindiyini qeyd edib və təklif edib ki, əmlak sığortasının məcburi tətbiqinin yenidən gündəmə gətirilməsi vacibdir.
Mövzu barədə Redaktor.az-a açıqlamasında sığırta eksperti Nicat Əlibəyli bildirdi ki, Azərbaycanda əmlak sığortasının icbari forması mövcuddur, xüsusilə daşınmaz əmlakın sığortalanması ilə bağlı mexanizm var.

Onun sözlərinə görə, "İcbari sığortalar haqqında" qanuna əsasən, ölkədəki yaşayış evləri, mənzillər və dövlət əmlakı yanğın və digər risklərə qarşı sığortalanmalıdır:
"Amma deputatın bu məsələni yenidən qaldırmasının arxasında çox ciddi bir icra və mexanizm problemi dayanır. Belə ki, əsas problem onun icrası, əhatə dairəsinin zəifliyi və insanların maarifləndirilməsidir.
Təəssüf ki, bir çox hallarda sığorta ya tam tətbiq olunmur, ya da insalar tərəfindən bu növ sığortanın sanki formal xarakter daşıdığı anlaşılır. Ona görə də bu məsələ yenidən gündəmə gətirilirsə, deməli əsasən icra mexanizminin gücləndirilməsi, nəzarətin artırılması və sığorta mədəniyyətinin formalaşdırılması istiqamətində addımlar atılmalıdır".
Aytəkin TOFİQQIZI













