“Ac qarına vətənpərvərlik alınmayacaq” - Professordan həkimlərlə bağlı AÇIQLAMA

 13:33 23.06.2026     535

Deputat Rəşad Mahmudov Milli Məclisdə çıxışı zamanı xaricdə təhsil alıb ölkəyə qayıtdıqda iş tapa bilməyənlərin problemlərinə toxunub. O, bu halın daha çox səhiyyə sahəsində yaşandığını qeyd edib.

Bəs hansı mexanizimlər qurulmalıdır ki, xaricdə təhsil alanlar ölkəyə qayıtdıqda səhiyyə sahəsində işlə təmin oluna bilsinlər? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a bildiridi ki, dövlət aparatına qəbul məsələsi müəyyən prinsiplərlə aparılır:

"Formal üzdə olan şeylər başqa, amma qohumbazlıq, yerlibazlıq prinsipləri üstünlük təşkil edir. Səhiyyə işçiləri də gəlib burada özlərini reallaşdıra bilmirlər. Əvvəla, onlara verilən maaşlar yetərincə olmur. Məcbur olurlar ki, artıq özəl sektorda işləsinlər. Özəl sektorda da işləyəndə, əlbəttə, vətəndaş ondan yetərincə fayda görə bilmir, çünki vətəndaşların hamısı özəl sektoru üstün tuta bilmir".

Həkimin fikrincə, xaricdə təhsil almış vətəndaşların Azərbaycanda işləməsi, xüsusilə regionlarda işləməsi üçün mexanizmlər qurulmalıdır:

“Bu mexanizmlər stimullaşdırma mexanizmləridir və onlarda bir məmnunluq yaradılmalıdır ki, bu məmnunluq elə xaricdəki işinin ən azı müəyyən bir faizini əvəz etsin ki, üstəlik vətənpərvərlik hissi də olsun. Amma bütövlükdə bu, ac qarına vətənpərvərlik hissi ilə alınmayacaq.

Regionlara göndərilən bütün həkimlərə stimullaşdırma tədbirləri lazımdır. Bununla bağlı dünya təcrübəsi var. Dünya təcrübəsinə müraciət etmək olar və bütün dünyada bu gün regionlarla mərkəzi şəhərlər arasında səhiyyənin səviyyəsinin bir-birinə bərabər olması məhz bu stimullaşdırma proqramlarına bağlıdır. Rayonlarda da məktəblər yaradılmalıdır, orada da həkimlərin işləməsi təmin edilməlidir. Bu, zor gücünə ola bilməz. Əgər hər hansı bir rezidenturanı qurtarmış şəxsi biz rayonlara göndərsək - Milli Məclisdə deyildiyi kimi - onda o şəxslər oradan da çıxıb gedəcəklər Almaniyaya, digər ölkələrə, Türkiyəyə və sairə. Yəni bu işlər könüllü şəkildə olmalıdır. Bu işlərdə zorakılıq ola bilməz. Bu iş elə həll olunmalıdır ki, bir mütəxəssisin özünün həvəsi olsun və getsin, orada fəaliyyət göstərə bilsin”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən