Uzunömürlü evliliyin sirri nədir? - Psixoloq ilə MÜSAHİBƏ

 17:37 20.08.2026     497

Britaniyada 102 yaşlı Rey və 101 yaşlı Vin But 80 illik evlilik yubileylərini qeyd ediblər. Cütlük 1943-cü ildə tanış olub, 1946-cı ildə isə evlənib. Uzunömürlü evliliklərinin sirrini sevgi ilə izah edən cütlüyün yubileyi münasibətilə yaşadıqları qocalar evində xüsusi tədbir keçirilib. Bu cür uzunmüddətli evlilik nümunələri müasir dövrdə ailə münasibətləri ilə bağlı sualları da gündəmə gətirir. Belə ki, son illərdə bir çox cütlüyün ailə qurduqdan qısa müddət sonra müxtəlif səbəblərdən ayrılması, münasibətlərdə problemlərin artması diqqət çəkir.

Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova ilə söhbətləşdik.

Redaktor.az müsahibəni təqdim edir:

Uzunömürlü evliliyin sirri nədir? 

– Evlilik hər iki tərəfin öz fərdi dünyalarını bir nöqtədə birləşdirərək yeni bir dünya yaratmasıdır. Sizin də qeyd etdiyiniz kimi, 80 illik evli cütlüyün münasibətinin uzunömürlü olmasının arxasında təkcə sevgi dayanmır. Bundan əlavə, dözümlülük, uyğunlaşma, anlayış, sağlam ünsiyyət və qarşılıqlı hörmət də olmalıdır. Bunlar münasibətin arxa planında çalışan əsas sistemdir.

Bəs sağlam və uzunömürlü evliliyin təməli necə qurulmalıdır?

– İlk növbədə hər iki tərəf evlilikdən əvvəl bir-birini real şəkildə tanımağı bacarmalıdır. Evliliyin təməli təkcə romantik illüziyalardan və müəyyən gözləntilərdən ibarət deyil. Təbii ki, bunların da müəyyən rolu var, amma evlilik yalnız bunlardan ibarət deyil. Məsələn, hər bir tərəf öz şəxsi sərhədlərini qorumağı bacarırmı? “Yox” deməyi bacarırmı? “Yox” dedikdə qarşı tərəf bunu qəbul edirmi və necə qəbul edir? Bunlar çox vacib məqamlardır. İki insanın evlənməsi onların eyniləşməsi demək deyil. Hər iki tərəfin öz fərdi kimliyi, hobbiləri və şəxsi məkanı olmalıdır. Bunları qoruyub saxlamaq uzunmüddətli tarazlıq yaradır. Həmin balansı qorumaq vacibdir. Hər iki tərəf öz şəxsi dünyasına hörmətlə yanaşmalı və birlikdə yaratmaq istədikləri yeni dünyada bir-birinə sayğı duymağı bacarmalıdır.

Evlilikdə sağlam ünsiyyət nə dərəcədə vacibdir?

– Açıq və maneəsiz ünsiyyət olmalı, şəffaflığa önəm verilməlidir. Dürüstlük yalan danışmamaq deməkdir, amma dürüstlük bəzən insanın canını yandıra bilər. Şəffaflığın olduğu münasibətdə isə nəyisə gizlətməyə ehtiyac qalmır. Belə ünsiyyət olduqda insan problemləri yalnız öz iç dünyasında yaşamır. İncikliyini gizlədib sonradan özü-özlüyündə barışması və ya qarşı tərəfdən müəyyən gözləntilər yaratması kimi hallar azalır. Əks halda münasibətin təməli zədələnə bilər. Hər iki tərəf öz istəklərini, qorxularını və sərhədlərini bir-birinə açıq şəkildə ifadə etməyi bacarmalıdır.

Münasibətdə güvən dedikdə nə nəzərdə tutulmalıdır?

– Güvən təkcə “mənə xəyanət etməyəcək, mənə yalan danışmayacaq, məni atıb getməyəcək” kimi düşüncələr üzərində qurulmur. Güvən dedikdə qarşı tərəfin hər bir istəyinə və qorxusuna necə yanaşdığımız da nəzərdə tutulur. Burada oğlan və ya qız olmasının fərqi yoxdur. Hər iki tərəfin qorxuları ola bilər. Bəzən cütlüklər qarşı tərəfin qorxusunu kiçildərək “bundanmı qorxursan?” deyirlər. Bu, yanlış yanaşmadır. Qarşı tərəfi anlamaq və anlayış göstərmək çox önəmlidir.

Cütlüklərin gələcəyə baxışı və ümumi məqsədlərinin olması vacibdirmi?

– Tərəflər öz şəxsi dünyalarına hörmətlə yanaşmaqla yanaşı, birlikdə yaratdıqları ortaq dünyada ümumi dəyərlərini də müəyyənləşdirməlidirlər. Ortaq hədəfləri və məqsədləri olmalı, gələcəyə baxışları, maliyyənin idarə olunması, həyat tərzi və həyat prinsipləri barədə müəyyən razılığa gəlməlidirlər. Bu, gələcəkdə yarana biləcək münaqişələrin qarşısını almağa kömək edir. Balans, anlayış və dinləmək bacarığı da böyük əhəmiyyət daşıyır. Tərəflər bir-birini məcbur edərək və ya “mən beləyəm” deyərək deyil, uyğunlaşaraq və sağlam şəkildə qəbul etməlidirlər.

Tərəflər bir-birini yaxşı mənada necə “yola verməlidir”?

– “Yola vermək” ifadəsi gündəlik həyatımızda bəzən mənfi mənada, problemlərə ört-basdır etmək kimi başa düşülür. Psixoloji baxımdan sağlam mənada qarşı tərəfi yola verməyi empatiya quraraq onun baxış bucağını nəzərə almaq kimi izah edərdim. Münaqişə zamanı haqlı çıxmağa çalışmaq, davamlı olaraq “mən haqlıyam” demək əvəzinə, qarşı tərəfin duyğularını və ehtiyaclarını da nəzərə almaq lazımdır. Onun nəyə ehtiyacı olduğunu anlamaq vacibdir. Məsələn, bəzən insan incidiyi və ya qırıldığı zaman bunu qarşı tərəfə birbaşa hiss etdirmir. Əvəzində qıcıqlandırıcı hərəkətlərlə, əsəbiləşərək, qışqıraraq və ya başqa reaksiyalarla öz hisslərini ifadə edir. Təbii ki, hər kəsin reaksiyası fərqlidir. Bəziləri isə susur, ümumiyyətlə uzaqlaşır. Qarşı tərəf isə bunun səbəbini bilmir.

Bu halda cütlüklər münaqişələrin qarşısını necə ala bilərlər?

– İnsanlar münasibətdə bir-birini yaxşı tanımalıdırlar. Hər iki tərəf qarşı tərəfin xarakterini və reaksiyalarını düzgün tanımalıdır ki, münasibətdə doğru addımlar ata bilsin. Konfliktin nədən yarandığını, hansı ehtiyacdan və ya hansı duyğudan qaynaqlandığını anladıqdan sonra daha böyük və şiddətli münaqişələrin qarşısını almaq mümkündür. Bəzən insanların xarakterində rigidlik və elastiklik müşahidə olunur. Rigidlik dedikdə daha çox dəyişməyən, tez uyğunlaşmayan xüsusiyyətlər nəzərdə tutulur. Amma insan istər münasibətdə, istər iş mühitində, istərsə də ailədə müəyyən qədər elastikliyi qorumalıdır. Güzəştə getməyi bacarmalı, hər xırda detalı prinsip məsələsinə çevirməməlidir. İnsanlar fərdi inanclarını, qəliblərini və digər düşüncələrini münasibətin sağlam gedişatından üstün tutmamalıdırlar.

Evlilikdə emosional balansı qorumaq üçün nə etmək lazımdır?

– Emosional balans çox önəmlidir. Gərgin anlarda daha çox proaktiv davranmaq lazımdır. Tərəfdaşın emosional dalğalanmasını şəxsi məsələ kimi qəbul etməməli, ona özünü ifadə etmək üçün imkan verməlidir. İnsan içində olanları rahatlıqla ifadə edə bilmədikdə həmin hisslər zamanla toplanır və bir nöqtədə partlayışa səbəb olur. Bu isə münasibətin təməlinə daha ciddi zərər verə bilər.

Bizim cəmiyyətdə bəzən evlilikdə kişinin həddindən artıq mərkəzə qoyulduğunu, hətta “ilahiləşdirildiyini” görürük. Bu, nə dərəcədə düzgündür?

– Bəli, cəmiyyətimizdə patriarxal ənənələrin təsiri nəticəsində kişini həddindən artıq mərkəzdə tutmaq halları var. Kişiyə “güclüdür”, “qüsursuzdur” kimi rollar verilir və bu, müəyyən mənada onun ilahiləşdirilməsinə gətirib çıxarır. Psixoloji baxımdan bu yanaşma həm qadın, həm də kişi üçün dağıdıcıdır. Qarşı tərəfin üzərinə qeyri-real gözləntilər yüklənir. Kişini ilahiləşdirmək onun üzərinə emosional və psixoloji baxımdan daşıya bilməyəcəyi mükəmməllik yükü qoyur. Bu isə kişidə daimi təzyiqə, həddindən artıq məsuliyyət hissinə və səhv etmək qorxusuna səbəb olur. Belə yanaşma zamanla emosional uzaqlaşmaya da gətirib çıxara bilər. Digər tərəfdən, qadın öz dəyərini itirə bilər. Münasibətin tək tərəfli aparılması və bir tərəfin ilahiləşdirilməsi digər tərəfin rolunun kiçilməsinə, ehtiyaclarının, fikirlərinin, duyğularının və inanclarının ikinci plana atılmasına səbəb olur. Bu isə sağlam münasibət yaratmır və bərabərliyə imkan vermir.

Bəs ailədə tərəflərin rolu necə bölüşdürülməlidir?

– Burada heç bir tərəf digərindən üstün və ya aşağı deyil. Əksinə, hər iki tərəfin özünəməxsus dəyərləri və dünyası var. Mən burada gender bərabərliyindən danışmıram. Sadəcə, hər iki tərəfin özünəməxsus dünyası var və heç kim özünü digərinə görə tamamilə dəyişməməli və ya zədələməməlidir. Təbii ki, uyğunlaşmaq lazımdır, amma insan özünü itirmədən uyğunlaşmalıdır. Burada çox incə cizgilər var və həmin incə məqamları nəzərə alaraq balansı sağlam şəkildə qorumaq mümkündür. Bütün məsuliyyəti qarşı tərəfin üzərinə yükləmək də balansı pozur. Çətinlik zamanı bütün məsuliyyətin və qərarların yalnız bir tərəfin üzərinə yıxılması digər tərəfi məsuliyyətdən azad edir. Böhran zamanı isə bu, ailədə qurulan ümumi dünyaya mənfi təsir göstərə bilər. Ailə ortaq şəkildə idarə olunan bir mexanizm olduğu üçün balans pozulduqda həmin mexanizm də zəifləyir.

Son olaraq, evlənmək istəyən cütlüklərə tövsiyəniz nədir?

– Mən hər zaman cütlüklərə bir-birini daha yaxından tanımaq üçün evlilikdən əvvəl psixoloqa müraciət etməyi tövsiyə edirəm. Cütlüyün gələcəkdə sağlam ailə qurması, münasibətlərinin sağlam təməllər, sağlam ünsiyyət və sevgi üzərində formalaşması üçün psixoloq dəstəyi faydalı ola bilər. Bu, gələcəkdə dünyaya gətirəcəkləri uşaqların da psixoloji sağlamlığına müsbət təsir göstərə bilər. Əksər problemlərin kökündə psixoloji məlumatsızlıq, psixologiyanın düzgün qəbul edilməməsi və insanın psixoloji baxımdan özünü kifayət qədər tanımaması dayanır. Hər bir insanın psixoloji immun sistemi də sağlam olmalıdır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən