"Əzəldən burada yaşamışam, bu gün də buradayam" - Xankəndiyə köç edən sakin DANIŞDI
Xəbər verdiyimiz kimi, bu gün "Böyük Qayıdış" proqramı çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.
Redaktor.az Xankəndiyə köç edən Rəfael Cəfərovla həmsöhbət oldu:
"Şükürlər olsun, bu gün Xankəndi şəhərində evlə təmin olunmuşam. Allahdan arzumuz çox idi. Bu gün arzumuz çin oldu. Hamının öz vətənində, öz doğulduğu, böyüdüyü məskəndə məskunlaşmasını arzu edirəm. Allah bu günümüzü çox görməsin. Allah cənab prezidentimizi qorusun. Allah bu günü hamıya qismət etsin. Ev-eşiyindən didərgin düşmüş keçmiş məcburi köçkünlərin hamısının evlərində, öz ata-baba yurdlarında məskunlaşdırılmasını arzulayıram".
R.Cəfərov bildirdi ki, 1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşüblər:
"Mən özüm ali təhsilli mühəndisəm. Uzun illər Bakı şəhərində işləmişəm. Ata-babalarımız Xankəndidə yaşadığından Xankəndini mükəmməl tanıyıram. Xankəndi alınan ildən burada yaşayıram. Hal-hazırda Xankəndi nümayəndəliyində sahə mütəxəssisi kimi fəaliyyətimi göstərirəm. Bizim hamımız, ailəm, oğlum buradayıq. Əzəldən də burada yaşamışam, bu gün də buradayam".
Aytəkin TOFİQQIZI













