Millətlər Liqasında 10 matç: darmadağınlar və qolsuz heç-heçələr
UEFA Millətlər Liqasının 2026/27 mövsümündə 2-ci turun növbəti oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, günün qarşılaşmalarında İngiltərə, İsveçrə, Albaniya və İslandiya səfərdə qələbə qazanıb. Sloveniya və Slovakiya isə doğma meydanda 3 xal əldə edib. Bolqarıstan – Estoniya görüşündə isə qalib müəyyənləşməyib.
Çexiya – İngiltərə – 0:2
Günün diqqətçəkən qarşılaşmalarından biri Çexiyada İngiltərə millisinə qarşı baş tutub.
İngiltərə yığması səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edib. İlk hissədə qapılara qol vurulmasa da, ikinci hissənin əvvəlində hesab açılıb.
47-ci dəqiqədə Entoni Qordon İngiltərəni hesabda önə keçirib. 69-cu dəqiqədə isə komandanın kapitanı Harri Keyn fərqi iki topa çatdırıb.
Beləliklə, İngiltərə ilk turda İspaniyaya 2:3 hesabı ilə uduzduqdan sonra turnirdə ilk qələbəsini qazanıb. Çexiya isə ilk turda Xorvatiyaya 1:2 hesabı ilə məğlub olmuşdu.
İngiltərə bu nəticə ilə xal hesabını 3-ə çatdırıb.
San-Marino – Albaniya – 0:3
C Liqasının 1-ci qrupunda Albaniya səfərdə San-Marinonu 3:0 hesabı ilə məğlub edib.
Qonaqlar ilk hissədə iki dəfə fərqləniblər. 21-ci dəqiqədə Anis Mehmeti, 27-ci dəqiqədə isə Mırto Uzuni hesabı 2:0 edib.
İkinci hissədə də üstünlüyünü qoruyan Albaniya 65-ci dəqiqədə Rey Manayın qolu ilə üçüncü dəfə San-Marino qapısına yol tapıb.
Albaniya ilk turda Belarus üzərində 2:0 hesablı qələbə qazandığı üçün bu nəticədən sonra 6 xal toplayıb. Komanda qrupda maksimum nəticə ilə mübarizəsini davam etdirir.
San-Marino isə ilk turda Finlandiyaya 0:7 hesabı ilə uduzmuşdu.
Şotlandiya – İsveçrə – 0:3
B Liqasının 1-ci qrupunda İsveçrə Şotlandiyanın qonağı olub.
İsveçrə yığması qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb. Qonaqların heyətində Rikardo Rodriqes, Niko Elvedi və Zeki Amduni fərqləniblər.
Rodriqes 12-ci dəqiqədə hesabı açıb. 55-ci dəqiqədə Elvedi fərqi iki topa çatdırıb. 82-ci dəqiqədə isə Amduni yekun nəticəni müəyyənləşdirib.
İsveçrə bununla da qrupda ardıcıl ikinci qələbəsini qazanıb. Komanda ilk turda Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub etmişdi.
Lüksemburq – İslandiya – 0:3
C Liqasının 4-cü qrupunda İslandiya səfərdə Lüksemburqu böyük hesabla məğlub edib.
Qonaqların qollarını Andri Qudyonnsen (13-cü dəqiqə), Orri Oskarsson (39-cu dəqiqə) və Viktor Palsson (73-cü dəqiqə) vurublar.
İslandiya ilk turda Estoniya ilə 1:1 hesablı heç-heçə etmişdi. Bu qələbə ilə komanda xal hesabını 4-ə yüksəldib.
Lüksemburq isə ilk turda Bolqarıstanı 2:1 hesabı ilə məğlub etdikdən sonra bu dəfə evdə xalsız qalıb.
Sloveniya – Şimali Makedoniya – 2:0
B Liqasının 1-ci qrupunda Sloveniya doğma meydanda Şimali Makedoniya üzərində 2:0 hesablı qələbə qazanıb.
İlk hissə qolsuz başa çatıb. 55-ci dəqiqədə Sandi Lovriç Sloveniyanı hesabda önə keçirib.
82-ci dəqiqədə isə Alyoşa Matko fərqi iki topa çatdıraraq komandasının qələbəsini rəsmiləşdirib.
Sloveniya ilk turda Şotlandiya ilə qolsuz heç-heçə etmişdi. Bu nəticədən sonra komanda 4 xala yüksəlib.
Slovakiya – Qazaxıstan – 2:1
C Liqasının 3-cü qrupunda Slovakiya və Qazaxıstan arasında gərgin qarşılaşma baş tutub.
Meydan sahibləri 26-cı dəqiqədə Leo Sauerin qolu ilə hesabı açıblar. Qazaxıstan isə 35-ci dəqiqədə Ramazan Karimovun qolu ilə hesabı bərabərləşdirib.
Slovakiya ikinci hissədə yenidən önə keçib. 82-ci dəqiqədə David Hantsko fərqlənərək komandasına 2:1 hesablı qələbə qazandırıb.
Slovakiya bununla da turnirdə ikinci qələbəsini əldə edib. Komanda ilk turda Moldovanı 2:0 hesabı ilə məğlub etmişdi.
Bolqarıstan – Estoniya – 0:0
Günün yeganə qolsuz qarşılaşması Bolqarıstan və Estoniya arasında keçirilib.
Komandaların cəhdlərinə baxmayaraq, görüşün heç bir hissəsində hesab dəyişməyib və tərəflər 1 xal ilə kifayətləniblər.
Bolqarıstan ilk turda Lüksemburqa 1:2 hesabı ilə uduzmuşdu. Estoniya isə ilk görüşündə İslandiya ilə 1:1 hesablı heç-heçə etmişdi.
Daha öncə xəbər verdiyimiz kimi, Finlandiya - Belarus matçı 0:0, Moldova - Farer adaları matçı isə 1:1 hesabı ilə başa çatıb. İspaniya isə öz meydanında Xorvatiyanı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 2026/27 UEFA Millətlər Liqasının 2-ci turu 27-29 sentyabr tarixlərində keçirilir. Turnirin bu mövsümündə Liqa A-nın qrup qalibləri və ikinci pillənin sahibləri 1/4 finala yüksələcək. Liqa B və C-də isə qrup qalibləri növbəti liqaya yüksəlmək hüququ qazanacaq.
Turan ASLAN













