Türkiyə-Ermənistan sərhədi bu şəxslər üçün açılacaq - Sərdar Kılıç

 18:01 15.02.2023     417

Ermənistan və Türkiyə sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç “Armenpress”in müxbirinin sualını cavablandırarkən deyib.

“Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, nazirimiz çıxışında qeyd etdi ki, bu məsələ ilə bağlı işə yeni təkan vermək üçün razılıq əldə olunub. İki nazir bu razılığa gəliblər və biz Marqara körpüsünün ən qısa zamanda istismara başlaması üçün əlimizdən gələni edəcəyik”, - Türkiyənin xüsusi nümayəndəsi Ermənistan və Türkiyə XİN rəhbərlərinin Ankarada keçirilən görüşünün nəticələrini təqdim edərkən deyib.

O, həmçinin son vaxtlar atılan addımların yaxın gələcəkdə münasibətlərin normallaşması prosesinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, fevralın 15-də Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib. Nazirlər birgə mətbuat konfransında Türkiyə və Ermənistan arasında yerüstü əlaqənin açılması üçün infrastrukturun hazırlanması prosesini sürətləndirmək üçün razılıq əldə edildiyini bildiriblər.

Turan İSMAYIL